77:1 | And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə); |
77:2 | And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə); |
77:3 | And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara; |
77:4 | And olsun (haqla batili) ayıranlara; |
77:5 | And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara- |
77:6 | (Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki, |
77:7 | Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır! |
77:8 | Ulduzlar sönəcəyi; |
77:9 | Göy yarılacağı; |
77:10 | Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı); |
77:11 | Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman, |
77:12 | (Belə soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?” |
77:13 | (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!” |
77:14 | Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?! |
77:15 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:16 | Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?! |
77:17 | Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq. |
77:18 | Biz günahkarlarla belə rəftar edirik. |
77:19 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:20 | Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! |
77:21 | Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq, |
77:22 | Müəyyən bir vaxta qədər. |
77:23 | Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz! |
77:24 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:25 | Məgər Biz yeri məskən etmədikmi |
77:26 | Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar). |
77:27 | Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik. |
77:28 | O gün vay halına (bu ne’mətləri) yalan sayanların! |
77:29 | (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə! |
77:30 | Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!” |
77:31 | O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar. |
77:32 | O (hər biri) bir saray boyda qığılcımlar saçar. |
77:33 | O (qığılcımlar), sanki sarı dəvə sürükləridir. |
77:34 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:35 | Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər. |
77:36 | Onlara üzr istəməyə izin də verilməz. |
77:37 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:38 | Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür! |
77:39 | (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək! |
77:40 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:41 | Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında, |
77:42 | İstədikləri meyvə içində olacaqlar! |
77:43 | (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için! |
77:44 | Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” |
77:45 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:46 | (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!) |
77:47 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:48 | Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar! |
77:49 | O gün vay halına (qiyaməti) yalan sayanların! |
77:50 | (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! |